Meksika və ABŞ qanunsuz silah ticarətinə qarşı birgə tədbirlər keçirəcək
- 28 sentyabr, 2025
- 04:52

Meksika və ABŞ qeyri-qanuni silah alveri ilə mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
"Report"un məlumatına görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin ABŞ-nin Texas ştatının Mak-Allen şəhərində iki ölkə rəsmiləri arasında keçirilən işgüzar görüşün yekunlarına dair bəyanatında deyilir.
"Meksika Təhlükəsizlik Şurasının nümayəndələri Meksika-ABŞ Təhlükəsizlik Sazişlərinin İcrası Qrupunun ilk iclası üçün Mak-Allendə ABŞ hökumətindən olan həmkarları ilə görüşüblər. Bu mexanizmin məqsədi iki hökumət arasında razılaşdırılmış sərhəd təhlükəsizliyi və hüquq-mühafizə sahəsində əməkdaşlıq proqramı çərçivəsində birgə tədbirlərin həyata keçirilməsinə nəzarət etməkdir", - nazirlik qeyd edib.
Onlar birgə sərhədlərdən qeyri-qanuni silah axınının qarşısını almaq məqsədi daşıyan "Kortafueqos missiyası: qanunsuz odlu silah ticarətinə qarşı birlikdə" təşəbbüsünün başlandığını elan ediblər. Qeyd olunur ki, təşəbbüsün əsas məqsədləri arasında Meksikaya silah idxalının qarşısını almaq üçün sərhəd əməliyyatlarının sayını artırmaq və məlumat mübadiləsini gücləndirmək var.
Bundan əlavə, transsərhəd qeyri-qanuni maliyyə köçürmələri və aktivlərin müsadirəsi ilə mübarizə üçün ikitərəfli işçi qrupunun yaradılması, həmçinin yanacaq oğurluğunun qarşısının alınması sahəsində əməkdaşlığın gücləndirilməsi planlaşdırılır.