Britaniya XİN: Qəzzada sülhə dair beynəlxalq konsensus ortaya çıxıb
- 28 sentyabr, 2025
- 04:23

Dünya birliyi İsrail və Fələstin arasında müharibəyə son qoymağın zəruriliyi ilə bağlı konsensusa gəlir.
"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etdiyi Nyu-Yorkdan qayıdarkən deyib.
"Mən hiss edirəm ki, konsensus yaranır, real, qalıcı konsensus, (BMT-də) sülhlə bağlı real enerji və qətiyyət var. Düşünürəm ki, biz dünyanın bu müharibəni bitirmək istədiyi bir nöqtəyə çatmışıq", - Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Kuper deyib ki, bu, təkcə dərhal atəşkəslə bağlı deyil, həm də gələcək üçün uyğun plandır.
Bununla belə, ölkə diplomatiyasının rəhbəri Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyerin təklif etdiyi plana xüsusi dəstək ifadə etməyib. Britaniya mətbuatı daha əvvəl xəbər verib ki, o, İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının beynəlxalq keçid idarəetmə orqanına rəhbərlik etməyə ümid edir.
"Tony Bleyer bu prosesə öz təkliflərini gətirən insanlardan idi və bu, həqiqətən də vacib idi, lakin bir çox başqa təkliflər də var idi. Hələ görüləcək çox böyük iş var", - Kuper bildirib.