Rumıniyaya NATO təlimlərində iştirak üçün Fransanın 2,4 min nəfər hərbçisi gedəcək
- 28 sentyabr, 2025
- 05:08

NATO-nun "Dacian Fall - 2025" ("Dakiya payızı-2025") təlimlərində iştirak etmək üçün Rumıniyaya sentyabrın 30-dək 2,4 min nəfər Fransa hərbçisi gedəcək.
"Report" xəbər verir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"NATO-nun Çinku hərbi qrupunun tərkibinə daxil olan hərbi qruplardan başqa, təlimlərdə iştirak edəcək 2 400 nəfər Fransa hərbçisi bu gündən sentyabrın 30-dək Curcu və Vama-Veke sərhəd məntəqələri vasitəsilə ölkəyə daxil olacaq", - hərbi qurumun feysbukda yaydığı məlumatda bildirilir. Məlumata görə, təlimlər oktyabrın 20-dən noyabrın 13-dək Çinku, Smırdan, Kapu-Midiya, Babadaqe, Boqate, Alba-Yuliya, Xan-Konaki, Jarmat və Kırçişoarda təlim poliqonlarında keçiriləcək.
"Dacian Fall - 2025"də ümumilikdə 5 min hərbçi, Belçika, Bolqarıstan, İtaliya, Lüksemburq, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və Fransadan 1,2 min hərbi texnika ilə iştirak edəcək. Təlimlər Rumıniya və Bolqarıstan ərazilərində keçiriləcək.