Ermənistanda icma başçısını və polis zabitini öldürən şəxs saxlanılıb
- 28 sentyabr, 2025
- 03:13

Sentyabrın 23-də Ermənistanda Parakar icmasının başçısı, müxalif siyasətçi Volodya Qriqoryan və ölkə polisinin Cinayət Axtarış Baş İdarəsinin əməliyyatçısı Karen Abramyanı qətlə yetirən şəxs saxlanılıb.
Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Kriminal Polisi digər polis bölmələrinin əməkdaşları ilə birgə həyata keçirdikləri geniş əməliyyat-axtarış tədbirləri nəticəsində Armavir vilayətinin Merdzavan qəsəbəsində 3 nəfərə atəş açaraq 2 nəfəri öldürən, 1 nəfəri yaralayan şəxsi müəyyənləşdirərək Vaqarşapat İctimai Polis Şöbəsinə təhvil verib. Şübhəli şəxs törətdiyi əməli etiraf edib.
Onun cinayətdə istifadə etdiyi odlu silah götürülüb.
Qeyd edilir ki, hadisənin təfərrüatı ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Parakar icmasının başçısı, müxalif siyasətçi Volodya Qriqoryan və Ermənistan polisinin Cinayət Axtarış Baş İdarəsinin əməliyyatçısı Karen Abramyan hadisə yerində öldürülüblər. Daha bir nəfər - Artsrun Qalstyan güllə yarası ilə xəstəxanaya çatdırılıb.
Hadisə Volodya Qriqoryan, Karen Abramyan və Artsrun Qalstyan evin (ev Qriqoryana məxsus idi - red.) qarşısında dayanan vaxt baş verib. Maskalı şəxs avtomatdan onlara atəş açıb.
Faktla bağlı cinayət işi açılıb, məhkəmə-tibbi ekspertiza təyin edilib.
