Dövlət Departamenti: Vaşinqton hələ İranın nüvə proqramı üzrə razılaşmaya ümid edir
- 28 sentyabr, 2025
- 06:13

Vaşinqton hələ də İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyi gözləyir.
"Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.
O qeyd edib ki, BMT-nin İrana qarşı sanksiyaları Şərq vaxtı ilə saat 20:00-da (28 sentyabr Bakı vaxtı ilə saat 4:00) bərpa edilib.
"Prezident (ABŞ lideri Donald -red) Tramp açıq şəkildə bildirdi ki, diplomatiya bir seçim olaraq qalır - razılaşma həm İran xalqı, həm də dünya üçün ən yaxşı nəticə olaraq qalır. Bunun baş verməsi üçün İran gecikmədən və ya yubatmadan xoş niyyətlə aparılan birbaşa danışıqlara razı olmalıdır", - Rubio deyib.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin təklif etdiyi, BMT Təhlükəsizlik Şurasının İranın nüvə sazişinə dəstək olaraq qəbul etdiyi 2231 saylı qətnaməsinin müddətini altı ay uzadılmasını nəzərdə tutan qətnamə layihəsini rədd edib.