Misir Trampın Qəzzada atəşkəs planını dəstəkləyib
- 28 sentyabr, 2025
- 02:36

Misir ABŞ Prezidenti Donald Trampın Fələstinin Qəzza zolağında münaqişənin həlli ilə bağlı baxışını dəstəkləyir.
"Report"un məlumatına görə, bunu Misirin xarici işlər naziri Bədr Abdel Ati BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib.
"Biz Qəzzaya qarşı ədalətsiz müharibəyə son qoymaq üçün region liderləri ilə işləməyə hazır olduğunu bəyan edən Prezident Donald Trampa minnətdarlığımızı bildiririk", - nazir bildirib.
Onun sözlərinə görə, Prezident Trampın Misir sabitliyin bərpasına, müharibənin dayandırılmasına və Fələstin dövlətinin yaradılması üçün siyasi üfüqün açılmasına yönəlmiş baxışını həyata keçirməyə sadiqdir.
Xatırladaq sentyabrın 23-də Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İordaniya, Qətər, Türkiyə və İndoneziya nümayəndələri ilə Qəzza münaqişəsinin həlli perspektivlərini müzakirə edib. Britaniyanın "Financial Times" qəzetinin yazdığına görə, ABŞ Prezidenti nizamlanma üçün yeni planı açıqlayıb. Bu, münaqişə bitdikdən sonra anklavda ərəb və İslam ölkələrindən hərbi personalın beynəlxalq kontingentinin yerləşdirilməsini nəzərdə tutur. Plana Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan bütün girovların eyni vaxtda azad edilməsini tələb edən bənd daxildir.