Almaniyanın DİN rəhbəri: Ölkənin şimalında naməlum dronlar aşkarlanıb
- 28 sentyabr, 2025
- 03:43

Sentyabrın 26-na keçən gecə Almaniyanın şimalındakı Şlezviq-Йolşteyn federal ərazisində dron dəstələri müşahidə edilib.
"Report"un məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Aleksander Dobrindt Berlində keçirdiyi mətbuat konfransında bildirib.
"Belə hadisə indiyədək baş verməyib. Yüksək kimi qiymətləndirilə bilən təhlükə var", - daxili işlər naziri bildirib. Eyni zamanda, Dobrindt qeyd edib ki, hələlik bu, daha çox mücərrəd təhlükədir: "Bununla belə, bu, ciddi qəbul etməyə məcbur olduğumuz bir şeydir, çünki bu, çox tez bir təhlükəyə çevrilə bilər".
Nazir Almaniya səmasında naməlum PUA görüntülərinin sayının artdığını bildirib və payızda şübhəli dronlara qarşı mübarizə planını təqdim etməyi planlaşdırdığını açıqlayıb.
Son vaxtlar Avropa ölkələrində dronların qeydə alınması halları artıb. Xüsusən sentyabrın 22-də Kopenhagen səmasında bir neçə iri pilotsuz uçuş aparatı müşahidə edilib, Danimarka paytaxtının hava limanı təyyarələrin eniş və uçuşuna bağlanıb. Yerli "Ekstra Bladet" qəzetinin yazdığına görə, pilotsuz təyyarələrin Danimarka səmasında göründüyü günlərdə Rusiyanın Baltik Donanmasının böyük desant gəmisi "Aleksandr Şabalin" krallığın dəniz sərhədinə yaxınlaşırdı.
NATO daha sonra hava limanının fəaliyyətini pozan pilotsuz təyyarələrin Danimarka hava məkanını pozmasından sonra Baltik dənizi regionunda müşahidəni gücləndirəcəyini açıqlayıb.
"Reuters"in xəbərinə görə, hərbi alyans müxtəlif vasitələrdən istifadə edərək regionda daha intensiv müşahidə aparacaq. Alyans Baltikyanı ölkələrə bir sıra yeni vasitələr, o cümlədən kəşfiyyat, müşahidə və tanıma platformaları, həmçinin ən azı bir hava hücumundan müdafiə platfroması göndərərəcək.