ATƏT-in Nazirlər Şurası: Cənubi Qafqazda sülh uzanan münaqişələrin həlli üçün model ola bilər
- 05 dekabr, 2025
- 02:37
Avstriyanın paytaxtı Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclasında Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalara və tərəflər arasında davam edən sülh prosesinə xüsusi diqqət yetirilib.
"Report"un Avropa bürosunun məlumatına görə, xarici işlər nazirlərinin çıxışları zamanı, eləcə də Şuranın 4 dekabr tarixli plenar iclasının ikinci hissəsində münaqişədən sonrakı dövrdə regionda baş verən dəyişikliklərə müsbət qiymət verilib.
Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Konfransın Yekun Aktının imzalanmasının 50-ci ildönümü ərəfəsində baş tutsa da, bir çox natiqlər mövcud vəziyyətin heç də bayram əhval-ruhiyyəsinə uyğun olmadığını bildiriblər. Ancaq Cənubi Qafqazda sülh prosesi şübhəsiz ki, mühüm müsbət hadisələrdən biridir.
İrlandiyanın Avropa işləri və müdafiə məsələləri üzrə dövlət naziri Tomas Birn Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə danışarkən bildirib ki, siyasi iradə və güclü liderlik sülh yolunda müsbət nəticələrə gətirib çıxara bilər.
"İrlandiyada sülh quruculuğu ilə bağlı tariximiz bizə sülhün bir proses olduğunu və davamlı sülhün hesabatlılıq və hərtərəfli yanaşma tələb etdiyini öyrətdi", - deyə o, Cənubi Qafqazda dinc inkişafın müsbət nəticələnəcəyinə əminliyini ifadə edərək bildirib.
İslandiyanın xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir çıxışında bildirib ki, Azərbaycan və Ermənistan arasında son razılaşmaların və razılaşma əldə etmək üçün davam edən işlərin regionda sülhə və sabitliyə gətirib çıxaracağına böyük ümid var.
"Regionumuzun (ATƏT) üzləşdiyi çətinliklərə baxmayaraq, biz həmçinin mühüm nailiyyətləri və uğurları qeyd etməliyik. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh razılaşmaları regionda sülhə və sabitliyə gətirib çıxaracaq", - o deyib.
Portuqaliyanın Avropa məsələləri üzrə dövlət katibi İnes Dominqosun sözlərinə görə, Azərbaycan və Ermənistan 8 avqustda onilliklər boyu davam edən düşmənçiliyə son qoyacaq və digər uzunmüddətli münaqişələr üçün nümunə ola biləcək razılaşmalar əldə ediblər.
"Bu razılaşma ATƏT regionunda sabitliyə əhəmiyyətli töhfə verir, Cənubi Qafqazda sülh və rifah üçün yeni imkanlar açır. Səmimi qəlbdən ümid edirik ki, bu, digər uzunmüddətli münaqişələrin və gərginliklərin həlli üçün ilham mənbəyi olacaq", - Portuqaliya nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, Helsinki prinsipləri, suveren bərabərlik, mübahisələrin dinc yolla həlli, demokratiya, azadlıq, insan hüquqlarına hörmət və qanunun aliliyi bu gün hər zamankindən daha aktualdır.
İspaniya nümayəndə heyətinin rəhbəri, beynəlxalq məsələlər üzrə dövlət katibi Dieqo Martines Bellio da fikirlərini belə ruhda ifadə edib: "Biz xüsusilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin inkişafını alqışlayırıq. Qeyd etmək istərdim ki, bu, Helsinki prosesinin canlanmasına xidmət etməlidir".
Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis regiondakı vəziyyəti münaqişələrin həlli üçün model adlandırıb.
İtaliya xarici işlər nazirinin müavini Giorgio Cillinin sözlərinə görə, Roma Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır, Cənubi Qafqazda sülh və inkişafın yeni mərhələsinə töhfə verməyə əvvəlki kimi sadiqdir.
Rumıniyanın xarici işlər naziri Oana Toyu Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaları və davam edən sülh prosesini tarixi adlandırıb.
"Ümid edirik ki, yekun razılaşma ən qısa müddətdə imzalanacaq və təsdiqlənəcək və region orada yaşayan bütün insanların rifahı üçün sülh və əməkdaşlıq məkanına çevriləcək", - o bildirib.
O.Toyu həmçinin tərəflərlə qurduğu yaxşı münasibətlər sayəsində bu prosesi dəstəkləməyə və onun möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu bildirib.
Slovakiyanın xarici işlər naziri Yuray Blanar bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma tarixi hadisədir, sülh yolu ilə həll yolunda davam edən birgə səylər münaqişələrin dinc vasitələrlə həllinin həqiqətən mümkün olduğunu təsdiqləyir. O əlavə edib ki, region sülhə, sabitliyə və rifaha layiqdir.