Suriyada "Visa" ödəniş sistemi istifadəyə verilir
- 05 dekabr, 2025
- 01:34
ABŞ-nin "Visa" şirkəti Suriya Ərəb Respublikasında ödəniş sistemini istifadəyə vermək üçün bu ölkənin Mərkəzi Bankı ilə razılığa gəlib.
"Report"un məlumatına görə, bu barədə şirkət açıqlama yayıb.
Məlumata görə, tərəflər Suriyada müasir rəqəmsal ödəniş ekosisteminin yaradılması üçün yol xəritəsini təsdiqləyiblər.
"Birinci mərhələdə əsas diqqət etibarlı və təhlükəsiz ödəniş infrastrukturunun yaradılması üçün lisenziyalı maliyyə qurumları ilə işləməyə yönəldiləcək. Bura beynəlxalq standartlara uyğun ödəniş kartlarının buraxılması və rəqəmsal cüzdanların tətbiqi daxildir", - Amerika şirkəti bildirib.
Noyabrda Beynəlxalq Valyuta Fondunun missiyası Dəməşqə səfər edərək yeni Suriya hakimiyyətinə ölkənin maliyyə sektorunda islahatlarda texniki dəstək göstərib. Fond ödəniş sisteminin modernləşdirilməsinə, həmçinin Suriya tənzimləyicisinin aşağı və sabit inflyasiyaya yönəlmiş siyasətləri həyata keçirmək qabiliyyətinin bərpasına kömək etməyə hazır olduğunu bildirib.