Azərbaycan və İrlandiya rəsmiləri əməkdaşlıq sahələrində dinamikanı müsbət qiymətləndiriblər

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 00:24
Azərbaycan və İrlandiya rəsmiləri əməkdaşlıq sahələrində dinamikanı müsbət qiymətləndiriblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində İrlandiya Respublikasının Avropa işləri və müdafiə məsələləri üzrə dövlət naziri Tomas Birn ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

2026-cı ilin Azərbaycan-İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30 illik yubileyinə təsadüf etməsi fonunda, ikitərəfli və çoxtərəfli formatlar üzrə əməkdaşlıqda indiyədək əldə edilən dinamika müsbət qiymətləndirilib, bu əməkdaşlığın daha əhatəli şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Siyasi dialoqun gücləndirilməsi, iqtisadiyyat, ticarət, investisiyalar, təhsil, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün mövcud potensial dəyərləndirilib, enerji təhlükəsizliyi, bərpa olunan enerji sahələrində tərəfdaşlıq imkanları müzakirələr olunub.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə və ölkəmizin təşəbbüsü və aktiv iştirakı ilə həyata keçirilən nəhəng enerji, nəqliyyat-kommunikasiya layihələrinin beynəlxalq əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə İrlandiya arasında çoxtərəfli platformalarda qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.

Regional və beynəlxalq gündəlikdə duran məsələlər nəzərdən keçirilib, Cənubi Qafqaz regionunda vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yaranan yeni reallıqlar, post-münaqişə dövründə ölkəmizin təşviq etdiyi sülh gündəliyi, Ermənistan ilə normallaşma prosesi, habelə bölgədəki mina təhdidi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti