Agentlik sədri: Qadın sahibkarların fəaliyyət dairəsinin genişlənməsində maraqlıyıq
- 19 noyabr, 2025
- 10:58
Azərbaycan qadın sahibkarların fəaliyyət dairəsinin genişlənməsində maraqlıdır.
"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Women's Entrepreneurship Summit 2025" tədbirində deyib.
Onun sözlərinə görə, ölkədə qadınların liderlik rolunun gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib:
"Qadın sahibkarlar təkcə biznes yaradıcıları deyil, həm də innovasiyaların daşıyıcıları, sosial dəyişimin təşəbbüskarları və yenilənmə baxımından aparıcı qüvvəyə çevrilirlər. Biz də ölkədə qadın sahibkarlığının inkişafında və onların fəaliyyət dairəsinin genişlənməsində maraqlıyıq. Əsas məqsəd və vəzifəmiz əmək bazarında bərabər imkanlar, eyni zamanda qadınların mövcud bacarıqlarını reallaşdırmaları üçün səmərəli iştiraklarına şərait yaratmaqdır".
Sədr vurğulayıb ki, DMA-nın 2020-ci ildən indiyədək həyata keçirdiyi tədbirlərdə 330 mindən yuxarı qadın aktiv məşğulluq tədbirlərinə cəlb olunub:
"2017-ci ildə icrasına başlanılan özünəməşğulluq proqramına cəlb olunan qadınların sayı təqribən 35 mindən yuxarıdır. Bu da ümumilikdə özünəməşğulluq proqramına cəlb etdiyimiz şəxslərin 30 %-dən yuxarı olduğu deməkdir".