Azərbaycanlı mütəxəssis: "Avropa Cüdo Ümidləri Turnirində qazandığımız nəticə qaneedicidir"
- 19 noyabr, 2025
- 13:53
Azərbaycan cüdoçularının Latviyanın paytaxtı Riqada keçirilən Avropa Cüdo Ümidləri Turnirində qazandığı nəticə qaneedicidir.
Bunu "Report"a yarışda iştirak edən "Judo club 2018"in baş məşqçisi Fuad Quluzadə deyib.
Mütəxəssis yarışda ən yaxşı cüdoçuların çıxış etdiyini vurğulayıb:
"Yarış çox yaxşı keçdi. İki qızıl, bir gümüş, bir bürünc medal qazandıq. Ağır yarış idi, 20 ölkənin təmsilçiləri qatılmışdı. Bundan əvvəl Macarıstanda və Türkiyədə olmuşduq. Demək olar ki, bu yarışlara da eyni sayda ölkə iştirakçıları qatılmışdı. Həmçinin Bakıda da belə turnir keçirilmişdi. Bu dəfə ölkələr ən yaxşı uşaqları gətirmişdilər. Ümumilikdə qazanılan nəticə qaneedici idi. Düzdür, daha yaxşı ola bilərdi. Amma idmandır, bu da pis nəticə deyil".
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən və 20 ölkədən 289 cüdoçunun qatıldığı turnirdə təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medala yiyələniblər.