ADY sədri: "Gələcəkdə BTQ və TRIPP üzrə daşımaların bölüşdürülməsi bazar tələbindən asılı olacaq"
- 19 noyabr, 2025
- 14:02
Uzunmüddətli perspektivdə istər Bakı–Tbilisi–Qars (BTQ), istərsə də "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) üzrə yüklərin paylanması bazarın formalaşdırdığı tələbdən asılı olacaq.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "NE Global" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, BTQ-nin region üçün əsas nəqliyyat arteriyası statusunu qoruyacağına tam etibar edilir:
"Eyni zamanda TRIPP Azərbaycanın nəqliyyat sisteminə beynəlxalq tərəfdaşların gözündə daha yüksək etibarlılıq, çeviklik və cəlbedicilik qazandıracaq. Hər iki dəhliz bir-birinə rəqib kimi deyil, sinerji yaradan paralel marşrutlar kimi fəaliyyət göstərəcək".
ADY rəhbəri TRIPP-i Orta Dəhlizin məqsədlərini gücləndirən strateji əlavə təşəbbüs kimi qiymətləndirib:
"Müasir qlobal logistikanın tələbləri şirkətləri daha çox seçim imkanı olan, dayanıqlı və diversifikasiya olunmuş təchizat zəncirləri axtarmağa vadar edir. TRIPP Türkiyə ilə daha bir etibarlı bağlantı yaradır, BTQ isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə tranzitin əsas dayağı olaraq qalır".
R.Rüstəmov qeyd edib ki, yüklərin BTQ və ya TRIPP ilə daşınmasından asılı olmayaraq, hər iki halda marşrutlar Qars vasitəsilə Türkiyəyə və daha sonra ölkənin qərb regionlarına doğru davam edəcək:
"İstanbulda Bosfor altından keçən Mərmərə tuneli Avrasiya dəmir yolu daşımalarının Avropa İttifaqına çıxışı üçün əsas keçid nöqtəsi olaraq qalır. Bu fakt Türkiyənin tranzit ölkə kimi strateji rolunu bir daha təsdiqləyir və onun dəmir yolu infrastrukturuna davamlı investisiyaların vacibliyini ön plana çıxarır. Azərbaycan, Qars, İstanbul və digər istiqamətlərə artan tələbatı qarşılayan səlis və effektiv əlaqənin təmin olunması üçün Türkiyə ilə sıx əməkdaşlıq edir".