Şəmkir RRMX-nin direktoru: Xəstəxanada 7 mindən çox şəkərli diabetdən əziyyət çəkən şəxs qeydiyyatdadır
- 28 noyabr, 2025
- 11:17
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 7 mindən çox şəkərli diabetdən əziyyət çəkən şəxs qeydiyyatdadır.
"Report"un Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu xəstəxananın direktoru Samir Namazov media nümayəndələrinin həmin tibb müəssisəsinə təşkil olunan mediaturda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, həmin xəstələr lazımi dərman vasitələri ilə təchiz olunur:
"Bundan başqa xəstəxanada İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. Müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur. Müəssisə 229 çarpayı ilə stasionar xidmətin təşkili imkanına malikdir. Həmçinin xəstəxanada Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova isə icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada icra edilən əməliyyatların əhatə dairəsinin genişləndiyini diqqətə çatdırıb:
"Bu gün xəstəxanada əvəllər icrası mümkün olmayan orqan və ya toxumanın çıxarılması ilə müşayiət olunan cərrahi əməliyyatlar (laparoskopik xolesistektomiya, sistektomiya, tireoidektomiya və s.) icra olunur. Xəstəxanada ötən ildən bu ilin iyul ayına qədər icbari tibbi sığorta hesabına 11 mindən çox cərrahi əməliyyat icra olunub. Əməliyyatlar əsasən hamiləlik və doğuşla bağlı müdaxilələr, tənəffüs, həzm, sidik-cinsiyyət sistemi xəstəlikləri, həmçinin zədələr və zəhərlənmələr üzrə həyata keçirilib".
Media-tur iştirakçıları icbari tibbi sığorta hesabına müalicə olunan vətəndaşları ziyarət edib, rəylərini öyrənib, eyni zamanda tibb müəssisəsinin Uşaq, Terapiya, Cərrahiyyə və Reanimasiya şöbələrinin fəaliyyəti ilə tanışlıq olub.
Daha sonra media nümayəndələri tibb müəssisəsində müvafiq müayinələrdən keçiblər. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.