Səfir: TDT çərçivəsində dialoq və təcrübə mübadiləsinin intensivləşdirilməsi çox böyük əhəmiyyətə malikdir
- 28 noyabr, 2025
- 11:24
Təhlükəsiz və davamlı rəqəmsal inteqrasiyanı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında təcrübə mübadiləsinin gücləndirilməsi vacibdir.
"Report" xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.
"Türk dövlətlərinin ümumi informasiya məkanı təbii şəkildə - tarixi birlik, mədəni dəyərlər və xalqlarımız arasındakı sıx əlaqələr sayəsində formalaşır", - o qeyd edib.
Səfirin sözlərinə görə, rəqəmsal texnologiyaların, süni intellektin sürətli inkişafı, informasiya təhdidlərinin artması, eləcə də qlobal rəqəmsal və sosial platformalarda məzmunun yayılması fonunda dünya ümumi çağırışlarla - dezinformasiya, manipulyasiya, kibertəhdidlər, yalan və ya radikal yönümlü materialların nəzarətsiz yayılması ilə üzləşir.
Diplomatın fikrincə, çoxdilli və multikultural ölkələr üçün bu məsələlər xüsusi aktuallıq kəsb edir:
"Biz əminik ki, təhlükəsiz və davamlı rəqəmsal inteqrasiyanı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı ölkələri arasında təcrübə mübadiləsini gücləndirmək və media tənzimlənməsi və informasiya təhlükəsizliyi sahəsində ən yaxşı beynəlxalq təcrübələri uyğunlaşdırmaq son dərəcə vacibdir".
Mamıtkanov vurğulayıb ki, bu yaxınlarda Qırğızıstanda media sisteminin modernləşdrilməsi və kütləvi kommunikasiyaların tənzimlənməsi haqqında qanun qəbul edilib ki, bu da şəffaflığın artırılmasına, vətəndaşların maraqlarının qorunmasına, sahənin inkişafına və rəqəmsal reallıqlara uyğunlaşmaya yönəlib.
"Hesab edirik ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində dialoqun və ən yaxşı təcrübələrin mübadiləsinin aktivləşdirilməsi çox böyük əhəmiyyətə malikdir. Bu, jurnalistikada rəqəmsal standartların tətbiqi, dezinformasiyanın qarşısının alınması və süni intellekt kontentinin tənzimlənməsi sahəsində xüsusilə aktualdır", - o əlavə edib.