Şərqi Zəngəzurda ilk taunhauslar və yeni memarlıq üslubunda məktəblər yaranacaq
- 16 oktyabr, 2025
- 15:48

"SA Partners" şirkəti Şərqi Zəngəzurun bərpası ilə bağlı baş planlara Azərbaycan üçün yeni tipli yaşayış evləri olan taunhausları daxil edib.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "SA Partners"in təsisçi-tərəfdaşı Dunya Kovari-Binggeli III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günündə bəyan edib.
Onun sözlərinə görə, şirkət Azərbaycandakı fəaliyyətinə Zəngilan, Kəlbəcər və Qubadlının üç baş planının hazırlanması ilə başlayıb.
"Məqsədimiz geri qayıdan sakinlər üçün təhlükəsiz, davamlı və layiqli mühit yaratmaq idi. Dağlıq relyef və şəhərlərin tamamilə dağıdılması səbəbindən əsas vəzifəmiz planlaşdırmanı praktiki icra ilə birləşdirmək oldu. Baş planlar çərçivəsində biz həm başa düşülməsi heç də asan olmayan tarixi planlaşdırmanı, həm də landşaftın xüsusiyyətlərini nəzərə aldıq", - D.Binggeli qeyd edib.
O vurğulayıb ki, planların hazırlanmasında şirkət bu ərazilərin autentikliyini və təbii görünüşünü qoruyub saxlamağa çalışıb.
"Məsələn, Zəngilanda biz təpələrə, çaya və bərpa etməyi qərar verdiyimiz süni arx sisteminə diqqət yetirdik. Yüksəklikdə planlaşdırma zamanı şəhər planlaşdırmasını, şəhərin tarixini, eləcə də landşaftı, təbiəti başa düşmək lazımdır. Biz dayanıqlı karkas kimi "mavi" və "yaşıl" şəbəkələr yaratdıq. Bu şəbəkələr artıq mövcud idi, biz onları inteqrasiya etdik. Bunlar parklar, "yaşıl zonalar", iqlimə uyğunlaşma və dayanıqlılıq üçün vacib olan soyuq hava generasiyası zonalarıdır. Sərin hava dəhlizlərini baş planın xətti strukturlarına daxil etmişik", - memar bildirib.
Onun sözlərinə görə, "SA Partners" binalarla yanaşı, ətraf mühiti də layihələndirərək tikililəri də təbii landşafta üzvi şəkildə inteqrasiya edib.
"Yaşıl", yaşayış və gəzinti üçün rahat, iqlimə dayanıqlı məhəllələr belə formalaşır. Biz Azərbaycan üçün yeni bir yaşayış binası prototipi - taunhauslar tətbiq etdik, həmçinin yeni məktəb prototipi - dairəvi bina işləyib hazırladıq. Bu, ölkə üçün yenilik oldu və belə innovativ ideyaları həyata keçirmək imkanına görə minnətdarıq", - D.Binggeli vurğulayıb.