"Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu" layihəsi üzrə təqdimat olub

İnfrastruktur
  • 04 dekabr, 2025
  • 15:38
Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu layihəsi üzrə təqdimat olub

Sumqayıt şəhərində "Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu" layihəsi üzrə Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) mövzusunda geniş təqdimat və müzakirələr keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov Bakı və Abşeron yarımadasında artan su tələbatı fonunda yeni duzsuzlaşdırma zavodunun strateji əhəmiyyətini vurğulayıb.

O, qeyd edib ki, layihə çərçivəsində gündəlik təxminən 300 min kubmetr istehsal gücünə malik olacaq müəssisə müasir texnologiyalar vasitəsilə Xəzər dəniz suyunu təmiz içməli suya çevirməkdə mühüm rol oynayacaq.

Daha sonra "ACWA Power" şirkətinin direktor müavini Süleyman Babayev layihənin texniki tərəfləri və region üçün faydaları barədə məlumat verib. O bildirib ki, Sumqayıt Sənaye Parkında inşa ediləcək zavod dövlətin su təhlükəsizliyi strategiyasına uyğunluq təşkil edir, regionda artan əhali və sənaye tələbatını qarşılamağa imkan verəcək. O, həmçinin layihənin beynəlxalq tələbə əsasən ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi prosesindən keçdiyini vurğulayıb.

Layihənin həyata keçiriləcəyi ərazi - Sumqayıt sənaye zonasında, Xəzər dənizinin sahilinə yaxın 20 hektar sahə - müvafiq texniki və ekoloji meyarlar əsasında seçilib. Burada həm suyun alınması, həm də duzlu tullantının yenidən dənizə buraxılması üçün uyğun şərait mövcuddur.

Tədbirdə bildirilib ki, tikinti və istismar mərhələlərində yaranacaq təsirlər tam şəkildə nəzarətdə saxlanılacaq və bütün proses beynəlxalq ekoloji və sosial standartlara uyğun icra olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti