Nazir: "Azərbaycan və İraq arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var" - YENİLƏNİB
- 04 dekabr, 2025
- 15:52
Azərbaycan və İraq arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Rəşad Nəbiyev Bakıda keçirilən Azərbaycan və İraq hökumətləri arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasında deyib.
İclasda iştirak məqsədilə Birgə Komissiyanın İraq tərəfindən həmsədri, bu ölkənin rabitə naziri Hayam Al-Yasirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan R.Nəbiyev bildirib ki, sıx tarixi, dini və mədəni əlaqələrə malik iki dost ölkə olan Azərbaycan və İraq arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Nazir ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib, Birgə Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulayıb.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan – İraq Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə verə bilər.
R.Nəbiyev, həmçinin regionda sülh quruculuğu ilə bağlı cari vəziyyət, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilər Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində yenidən qurulur və bu region "yaşıl enerji" zonası elan olunub.
İclas zamanı iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan və İraq hökumətləri arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının Protokolu imzalanıb.
Qeyd edək ki, Birgə Komissiya 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş"ə əsasən yaradılıb.
Azərbaycan və İraq neft və qaz sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Azərbaycan və İraq Hökumətləri arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasında iştirak etdik. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu bildirdik", - deyə nazir qeyd edib.
R. Nəbiyev iclasda həmçinin iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq ətrafında fikir mübadiləsinin aparıldığını qeyd edib.