Mərkəzi Asiya və Azərbaycanın kənd şəbəkələrinin ötürmə sistemində itkilərin mümkün həcmi açıqlanıb
- 25 sentyabr, 2025
- 10:59

Azərbaycan və Mərkəzi Asiya ölkələrində bərpa olunan enerji sahəsi ilə bağlı problemlər mövcuddur.
"Report" xəbər verir ki, bunu "Sungrow" şirkətinin şəbəkə texnologiyaları üzrə direktoru Honq Su Qo Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda Mərkəzi Asiya və Azərbaycanda bərpa olunan enerji mənbələri ilə bağlı 3 növ məhdudiyyət mövcuddur: "Birincisi, köhnəlmiş infrastrukturlarla əlaqədardır. Bəzi elektrik xətləri, yarımstansiyalar, SCADA sistemi, elektrik şəbəkəsi paylama sistemi 30 ildən çoxdur ki, qurulub. Bu, mövcud köhnə texnologiyalar üzərində işləyir. Bu, enerji səmərəliliyində və enerji keçidində "dar boğaz"lar yaradır".
H. Qonun fikrincə, ikincisi, enerjiyə olan tələbatın artmasıdır: "Elektrik enerjisinə tələbat hər il artır. Bu tələbat sənaye artımı, şəhərləşmə, həmçinin müxtəlif elektrikləşdirmə tələbləri və ölkədəki qış mövsümündən yay mövsümünə qədər temperatur fərqi ilə idarə olunur. Üçüncü məsələ isə şəbəkə sistemlərinin çevikliyidir".
Qonaq vurğulayıb ki, Mərkəzi Asiya ölkələri və Azərbaycanın kənd şəbəkələrinin təxminən 12-15 %-də ötürmə sistemində itkilər ola bilər.