Azərbaycan və Macarıstan "yaşıl enerji" sahəsində əməkdaşlığı müzakirə edib
- 03 sentyabr, 2025
- 16:24

Azərbaycan ilə Macarıstan Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıqdan irəli gələn məsələləri müzakirə edib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Azərbaycan və Macarıstan hökumətləri arasında Enerji üzrə İşçi Qrupunun onlayn formatda 5-ci iclas çərçivəsində aparılıb.
Məlumata əsasən, İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov Azərbaycan ilə Macarıstan arasında enerji sahəsində əməkdaşlıq münasibətlərinin inkişafında İşçi Qrupunun uğurlu fəaliyyətini qeyd edib. Qarşılıqlı müzakirələr, uzunmüddətli səmərəli əməkdaşlıq sayəsində iki ölkə arasında enerji tərəfdaşlığının daha da güclənərək strateji xarakter aldığı vurğulanıb. Azərbaycan və Macarıstan arasında neft-qaz sektoru üzrə əməkdaşlığın qarşılıqlı faydalı tərəfdaşlığa çevrildiyi bildirilib və hər iki ölkənin enerji şirkətləri arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.
Macarıstanın Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında, Bakı Enerji Həftəsində iştirakı, xüsusilə COP29 tədbiri çərçivəsində ölkəmizin irəli sürdüyü enerji təşəbbüslərinə verdiyi dəstək yüksək qiymətləndirilib. Çıxışda, həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin əhəmiyyətindən bəhs edilib.
Macarıstan tərəfdən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri xanım İzabella Feierabend isə iki ölkə arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə uğurlu inkişaf etdiyini bildirib. Neft-qaz sahəsində həyata keçirilən birgə layihələr və infrastruktur imkanları ilə bağlı fikirlərini bölüşüb, "yaşıl enerji" və enerji tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılmasının və enerji səmərəliliyi sahəsində əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.
İclasda İşçi Qrupun 4-cü iclasından ötən dövr ərzində görülmüş işlərə dair məlumat verilib, neft və qaz, bərpa olunan enerji, enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq, həyata keçirilən layihələrə dair təqdimatlar dinlənilib.
Sonda Enerji üzrə İşçi Qrupun 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb.