ABŞ Ordusu podratçıların təmir etdiyi sursatların 95 faizinə lazımi qaydada nəzarət etmir
- 05 sentyabr, 2025
- 01:22

ABŞ Ordusu Pentaqonun podratçı obyektlərində təmir edilən sursatların 95 %-nə lazımi qaydada nəzarət etmir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Konqresinin maliyyə-nəzarət idarəsinin (GAO) hesabatında deyilir.
Sənədə əsasən, 2024-cü ilin iyulunda aparılan yoxlamanın əvvəlində Ordu podratçılara məxsus və istismar edilən obyektlərdən hansının döyüş sursatlarını, xüsusən də "Javelin" tank əleyhinə raketlərini və "Stinger" hava hücumundan müdafiə sistemlərini təmir etdiyini bilməyib. Ən azı beş belə obyektin olduğu güman edilirdi, ancaq sonradan ikisinin olduğu müəyyən olunub.
Hesabatda deyilir: "Biz hesab edirik ki, Ordu 2024-cü ilin iyul ayına kimi bu obyektlərdəki sursatların ən azı 95 faizinə lazımi səviyyədə nəzarət etməyib. Ordu bu silahlar haqqında vaxtında və dəqiq məlumat vermək öhdəliyinə sahib deyil və bu məlumatı podratçıların məlumatları ilə tutuşdurmaq üçün prosedurlar yoxdur".
GAO Orduya sursatların təmirinin monitorinqini təmin etmək üçün prosedurları həyata keçirməyi və məlumatları uyğunlaşdırmaq üçün mövcud təcrübələri yeniləməyi tövsiyə edib. Sənəddə qeyd olunur ki, hərbçilər hər iki tövsiyə ilə razılaşıblar.