Qərbi Azərbaycan Xronikası: Paşinyan azərbaycanlıların qayıdacağı "yeni Ermənistan"ı qurmalıdır

Daxili siyasət
  • 05 sentyabr, 2025
  • 00:12
Qərbi Azərbaycan Xronikası: Paşinyan azərbaycanlıların qayıdacağı yeni Ermənistanı qurmalıdır

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, "Qərbi Azərbaycan məsələsi Bakının gündəmindən çıxmayıb" adlı süjetdə bu il avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən görüşündən və əldə olunan razılaşmalardan bəhs olunur.

Bildirilir ki, bu görüş tarixi əhəmiyyətə malikdir: "Vaşinqton razılaşmasında ən mühüm məqam Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü bütün tələblərin qəbul edilməsidir. Bu, imzalanan Birgə Bəyannamədə öz əksini tapır".

Qeyd olunur ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması zəruridir.

Vurğulanır ki, Ermənistan sülh sazişinin önündəki əsas maneə olan Konstitusiya dəyişikliyini gələn il həll etməyi planlaşdırır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 4-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Qərbi Azərbaycan Xronikası: Paşinyan azərbaycanlıların qayıdacağı "yeni Ermənistan"ı qurmalıdır