Qərbi Azərbaycan Xronikası: Dağıdılan hər qəbiristanlığın dəqiq tarixini müəyyən etmişik
- 02 dekabr, 2025
- 02:43
"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarixçi, tədqiqatçı Səbuhi Hüseynov olub.
O, "Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar" kitabının yaranması ideyasından, əhəmiyyətindən, tədqiqatın əhatə etdiyi mövzudan söhbət açıb.
Tarixçi bildirib ki, kitabın birinci cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 735 azərbaycanlı qəbiristanlığının 200-dən çoxunun əvvəlki və indiki vəziyyətindən bəhs olunub. O da müəyyən olub ki, ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən tamamilə siliblər.
Tarixçi S.Hüseynov söyləyib ki, "Qərbi Azərbaycan irsi" kitabı Azərbaycan, ingilis və rus dillərində olmaqla, ümumilikdə beş cildi əhatə edəcək. Birinci cilddə olduğu kimi, ikinci və üçüncü cilddə də Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlılara məxsus qəbiristanlıqlar tədqiqat obyektinə çevriləcək. Dördüncü cilddə məscidlər, beşinci cilddə isə pirlər və türbələr barədə məlumatlar öz əksini tapacaq. Tədqiqatın məqsədi Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə, o cümlədən dünya dövlətlərinə çatdırmaqdır. Bu məqsədlə artıq Azərbaycanın 84 rayonunda "Qərbi Azərbaycan irsi" kitabının təqdimatı keçirilib, dünya ölkələrinin kitabxanalarına tədqiqatın elektron versiyası təqdim olunub. Bu proses bundan sonra da davam etdiriləcək.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.