ABŞ şirkətləri İraqda neft yatağının idarə olunmasında "Lukoyl"u əvəz edə bilər
- 02 dekabr, 2025
- 01:37
İraqın Neft Nazirliyi bir neçə ABŞ şirkətini "Qərbi Kurna-2" yatağının idarəçiliyi hüququ ilə bağlı tenderdə iştiraka dəvət edib.
"Report" xəbər verir ki, bununla bağlı açıqlama feysbukda yayılıb.
"İraqın Neft Nazirliyi ABŞ-nin bir sıra iri neft şirkətlərinə "Qərbi Kurna-2" yatağının idarə edilməsi və işlənməsi hüquqlarının ötürülməsi üzrə tenderdə iştirak etmək üçün dəvət göndərib", - nazirliyin press-relizində bildirilir.
Nazirlikdən bildirilib ki, bu qərar ərəb respublikasından ixrac edilən neft hasilatının səviyyəsinin qorunması və İraqda yanacağın qiymətinin dəyişməsinin qarşısının alınması səyləri çərçivəsində qəbul edilib. ABŞ-dən hansı neft şirkətlərinin bu dəvəti aldığı barədə məlumat verilmir. Ancaq daha əvvəl məlum olub ki, "Qərbi Kurna - 2"nin idarə edilməsində payı olan Rusiyanın "Lukoil" şirkəti xarici aktivlərini satmağı planlaşdırır. "Lukoyl"un İraqdakı payını ABŞ-nin "Chevron" və "Exxon" şirkətləri ala bilər.
Oktyabrda ABŞ və Böyük Britaniya "Lukoyl" şirkətini sanksiya siyahısına daxil ediblər, bundan sonra şirkət beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu bildirib.