Tramp Konqo DR və Ruandanın rəhbərlərini sülh sazişini imzalamaq üçün qəbul edəcək
- 02 dekabr, 2025
- 00:08
ABŞ Prezidenti Donald Tramp dekabrın 4-də Ruanda və Konqo Demokratik Respublikasının liderləri – Pol Kaqame və Feliks Çisekedini sülh sazişini imzalamaq üçün qəbul edəcək.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
"Cümə axşamı Prezident Tramp Ruanda və Konqo Demokratik Respublikasının prezidentlərini tarixi sülh və iqtisadi saziş imzalamaq üçün qəbul edəcək. Bu sazişin əldə olunmasında o, vasitəçi kimi çıxış edib", - Livitt vurğulayıb.
Konqo Demokratik Respublikası və Ruandanın xarici işlər nazirləri ABŞ ilə Qətərin vasitəçiliyi ilə iyunun 27-də Vaşinqtonda sülh sazişi imzalayıblar. Saziş iki ölkə başçısının Vaşinqtonda keçirəcəkləri görüşün nəticəsində tam qüvvəyə minəcək.
Konqonun şərqindəki indiki böhran dörd il əvvəl üsyançı qruplaşmaların fəallığının artması ilə başlayıb. Onların ən böyüyü M23 təşkilatıdır. Üsyançılar Konqo Demokratik Respublikasının şərqində iki vilayətin paytaxtı da daxil olmaqla 100-dən çox şəhər və yaşayış məntəqəsini ələ keçiriblər. Onların nəzarətində olan ərazilərdə hökumətə tabe olmayan yerli idarəetmə orqanları yaradılıb. Hakimiyyət iddia edir ki, bu üsyançıların arxasında Ruanda hökuməti dayanır.