KİV: İslamabad - Kabil danışıqları nəticəsiz başa çatıb
- 01 dekabr, 2025
- 23:35
Pakistan və Əfqanıstan nümayəndələri arasında sərhəddə vəziyyətin tənzimlənməsi ilə bağlı növbəti danışıqlar yenidən nəticəsiz başa çatıb.
"Report" xəbər verir ki, bu barədə "Dawn" nəşri mənbələrə istinadən yazıb.
Noyabrın 30-da Ər-Riyadda Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə keçirilən qapalı danışıqlarda iki ölkə arasında münasibətlərin normallaşmasına heç bir irəliləyiş olmayıb. Tərəflər çeviklik göstərməyib və transsərhəd terrorizmi probleminin həllində qarşılıqlı kompromisə getməkdən imtina ediblər.
Danışıqlarda Pakistan Səudiyyə Ərəbistanının Əfqanıstanla sərhəd ticarətinin bərpası təklifini rədd edib.
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar bildirib ki, yaxın vaxtlarda İslamabad yalnız BMT-nin sorğusu əsasında bu ölkəyə əsas ərzaq məhsullarının tədarükünə icazə verə bilər. Onun sözlərinə görə, İslamabadın Əfqanistana humanitar yardım göstərməyə müsbət yanaşmasına baxmayaraq, Kabil Pakistan ərazisinə hücumlar təşkil edən terrorçulara qarşı heç bir tədbir görmür.
Xatırladaq ki, Pakistan–Əfqanıstan sərhədində silahlı toqquşmalar 2025-ci ilin oktyabrında baş verib. Bu, 2021-ci ildə "Taliban"ın Kabildə hakimiyyətə gəlməsindən sonra ən çox qan tökülən insident olub. Toqquşmalar Pakistanın sərhəd postlarına hücumlardan sonra başlayıb, cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda "Fitna əl-Xavaric" qruplaşmasının bazalarına zərbələr endirib. Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdulla Fitrat 12 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb. Həmin ay Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə münaqişə tərəfləri müvəqqəti atəşkəs və döyüşlərin dayandırılması barədə razılığa gəliblər, razılaşma hələ də qüvvədədir.