Azərbaycan və Dünya Bankı dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqini müzakirə edib - YENİLƏNİB
- 30 oktyabr, 2025
- 17:15
 
                            
                            
                        Azərbaycan və Dünya Bankı arasında ölkədə biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi müzakirə olunub.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr naziri Mikayıl Cabbarovun Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycan və Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmizdə biznesin inkişafı, qeyri-neft-qaz sektorunun, yaşıl və ixracyönümlü iqtisadiyyatın təşviqi, sahibkarlığın, xüsusilə kiçik və orta müəssisələrin dəstəklənməsi haqqında məlumat verilib. Həmçinin bu istiqamətlər üzrə çağırış və imkanlar qeyd edilib. Milli iqtisadiyyatın inkişafı, özəl sektorun əhəmiyyəti, inkişafa yönəlmiş investisiyaların təşviqi və innovasiya təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub.
Tərəflər "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar. Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanları nəzərdən keçirilib.
Azərbaycan və Dünya Bankı arasında biznes mühitinin təkmilləşdirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru cənab Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmək xoş oldu. "2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı, inklüziv iqtisadi artımın, məşğulluğun təşviqi barədə fikirlərimizi bölüşdük. Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılan təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.
 
    
    
