Nyu-York ştatında şatdaun səbəbindən fövqəladə vəziyyət elan edilib

Digər ölkələr
  • 31 oktyabr, 2025
  • 02:21
Nyu-York ştatında şatdaun səbəbindən fövqəladə vəziyyət elan edilib

ABŞ-nin Nyu-York ştatının qubernatoru Keti Xoukul fövqəladə vəziyyət rejimi elan edib və federal hökumətin noyabrın 1-dən maliyyələşməni dayandırması ilə əlaqədar olaraq ştat sakinləri üçün ərzaq yardımı məqsədilə əlavə 65 milyon dollar subsidiyanın ayrıldığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə ştat hakimiyyətinin rəsmi saytında yayımlanan məlumatda bildirilir.

"Məlumata əsasən, qubernator Keti Xoukul bu gün fövqəladə vəziyyət rejimi elan edib və ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən 1 noyabrdan Nyu-Yorkun 3 milyon sakini üçün ərzaq yardımının dayandırılmasına cavab olaraq əlavə tədbirlər gördüyünü açıqlayıb. Qubernator Xoukul ştat tərəfindən təcili ərzaq yardımı üçün əlavə 65 milyon dollar ayırır ki, bu da Nyu-Yorkda aclıqla üzləşən sakinlər üçün təxminən 40 milyon porsiya ərzaq təmin edəcək", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ABŞ-də şatdaun 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə səhər saat 8:00) maliyyə çatışmazlığı səbəbindən başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar hələ də razılığa gələ bilmirlər. Demokratlar və Respublikaçılar bir-birlərini şatdauna təhrik etməkdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti