Yunanıstanda futbol klubunun prezidentinin qətlində şübhəli bilinən iki nəfər həbs edilib
- 31 oktyabr, 2025
- 03:08
 
                            
                            
                        Yunanıstan polisi Limasol magistralında avtomobilinin içində atəş açılaraq öldürülən Kiprin "Karmiotissa" futbol klubunun prezidenti, iş adamı Stavros Dimostenusun qətlində şübhəli bilinən iki nəfəri həbs edib.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat yayıb.
Məlumata əsasən, həbslər Selaniki şəhərində həyata keçirilib. Həbs olunan iki 28 yaşlı yunan vətəndaşı əmioğludurlar. Polisin məlumatına görə, onlardan biri cinayətdə iştirak edən avtomobilin sürücüsü olub, digəri isə cinayətkarların qaçdığı avtomobilin sükanı arxasında əyləşib. Məhz həmin avtomobildə Yunanıstanın şimali bölgəsində təşkil olunmuş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iki şübhəlinin barmaq izləri və genetik materialı aşkarlanıb.
Ehtimal olunur ki, Dimostenusa atəş açan həbs edilənlərdən biri olub, lakin Kipr hakimiyyəti hər ikisini qətlin icraçıları hesab edir. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Kiprdəki həmkarlarından Dimostenusun qətlində şübhəli bilinən iki nəfərin Yunanıstanda olduğu barədə məlumat alıblar. Onlar Selanikinin qərb rayonlarındakı müxtəlif evlərdə saxlanılıblar. Hər iki şəxs daimi olaraq Kiprdə yaşayır və orada peşəkar fəaliyyətlə məşğul olurlar. Həbs edilənlərdən biri əslən Sere şəhərindəndir, digəri isə Gürcüstanda doğulub və Selanikdə qohumları var.
Həbslər Avropa orderləri əsasında həyata keçirilib və prokurorluq onların Kiprə ekstradisiyası proseduruna başlayacaq.
