Əfqanıstanla Pakistan arasında noyabrın 6-da İstanbulda yeni görüş keçiriləcək
- 31 oktyabr, 2025
- 00:08
 
                            
                            
                        Əfqanıstan və Pakistan sərhəd vəziyyətinin nizamlanması ilə bağlı danışıqları davam etdirmək və noyabrın 6-da İstanbulda yeni görüş keçirmək barədə razılığa gəlib.
"Report"un məlumatına görə, bu barədə Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan birgə bəyanatda bildirilib.
"Əfqanıstan, Pakistan, Türkiyə və Qətər 25-30 oktyabr tarixlərində İstanbulda Türkiyə və Qətərin vasitəçiliyi ilə 18-19 oktyabrda Dohada Əfqanıstan və Pakistan tərəfindən razılaşdırılmış atəşkəs rejimini möhkəmləndirmək məqsədilə görüşlər keçiriblər. Bütün tərəflər atəşkəsin davam etdirilməsinə razılaşıblar. Əlavə icra üsulları noyabrın 6-da İstanbulda rəhbərlər səviyyəsində keçiriləcək görüşdə müzakirə ediləcək və müəyyən ediləcək", - bəyanatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Pakistan Türkiyənin xahişi ilə Əfqanıstanla əvvəlki raundların məqbul nəticə verməməsindən sonra danışıqları bərpa etmək qərarına gəlib.
