Fransa KDR-ə 1,5 milyard avro yardım ayıracağını açıqlayıb
- 31 oktyabr, 2025
- 01:13
 
                            
                            
                        Konqo Demokratik Respublikası (KDR) Ruanda ilə münaqişənin həllinə kömək məqsədilə keçirilən konfrans iştirakçılarından dinc əhalinin dəstəklənməsi üçün 1,5 milyard avro məbləğində yardım alacaq.
"Report"un məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron tədbirin bağlanış mərasimində çıxışı zamanı danışıb.
"Siz birlikdə ən həssas əhali qrupları üçün 1,5 milyard avrodan çox yardım topladınız", - deyə o qeyd edib.
Eyni zamanda, Makron BMT-nin KDR-ə 2,5 milyard dollar həcmində humanitar yardım göstərmək üçün mövcud planının hazırda yalnız 16% maliyyələşdirildiyini bildirib və "maliyyələşdirməni vəziyyətin xarakterinə uyğunlaşdırmağa" çağırıb.
Fransa Prezidenti həmçinin Qoma hava limanının fəaliyyətinin bərpa olunduğunu elan edib. Onun sözlərinə görə, yaxın həftələrdə hava limanı humanitar reysləri qəbul etməyə başlayacaq.
Qeyd edək ki, Fransa və Toqo tərəfindən birgə təşkil edilən konfrans Böyük göllər regionu əhalisinin sülhün qorunması və humanitar dəstəklə təmin edilməsi məsələsinə həsr olunub. Makronla yanaşı, konfransda KDR prezidenti Feliks Çisekedi və Afrika İttifaqı adından KDR ilə Ruanda arasındakı münaqişənin həllində vasitəçi olan Toqo Nazirlər Şurasının sədri For Qnassinqbe, həmçinin regional QHT-lərin nümayəndələri iştirak ediblər.
