Azərbaycan fərdi sahibkarların sosial sığorta ödənişlərini optimallaşdırır

Biznes
  • 28 noyabr, 2025
  • 11:24
Azərbaycan fərdi sahibkarların sosial sığorta ödənişlərini optimallaşdırır

Azərbaycanda fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər optimallaşdırılacaq.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Xatırladaq ki, fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı il tarixdə bitir. Bundan irəli gələrək "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur.

Belə ki, mövcud qanuna əsasən, fərdi sahibkarlar özünə görə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 %-i, digər sahələrdə (yəni ticarət, iaşə, tərcümə, mühasibat və s. xidmət sahələri) 25 %-i qədər sosial sığorta haqqı ödəyir. Həmçinin regionlar üzrə əmsallar tətbiq edilir (Bakı şəhərində 100 %, Sumqayıt və Gəncə şəhərlərində 90 %;, digər şəhərlərdə 80 %, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 %, kənd yerlərində 50 %).

Növbəti ildən qanunvericilikdə dəyişiklik edilməyəcəyi halda fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq fərdi sahibkarların sosial sığorta yükü artmalı idi. Lakin "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2 % dərəcə ilə ödəyəcəklər. Bu zaman sığorta haqqının minimum məbləğ həddi minimum əmək haqqının 15 %-i, yəni 60 manat, maksimum məbləğ həddi isə minimum əmək haqqının 1 misli, yəni 400 manat təşkil edəcək.

Məsələn, Bakıda ticarət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 5 000 manat olan mikrosahibkarın ödədiyi aylıq sosial sığorta haqqı mövcud qanunvericiliyə görə 100 manat təşkil edirsə, qanuna dəyişiklik edilməyəcəyi halda bu məbləğ 2 dəfə çox - 200 manat olacaq. Lakin təklif olunan yeni modellə, aylıq gəlirə 2 % dərəcə tətbiq etməklə hesablanacaq sosial sığorta haqqı (100 manat) mövcud sosial sığorta yükü ilə eyni olacaq. Eyni sahədə aylıq gəliri 3500 manat olan mikro sahibkar üzrə aylıq sosial sığorta haqqı 100 manatdan 70 manata enəcək.

Paytaxtda xidmət sahəsində fəaliyyət göstərən aylıq gəliri 3 000 manat olan mikro sahibkar üzrə sosial sığorta haqqı 100 manatdan 60 manata enəcək. Regionlarda isə ticarət sahəsində çalışan və aylıq gəliri 1 500 manat olan mikro sahibkarlar üzrə aylıq sosial sığorta haqqının 3 dəfədən çox artmasının qarşısı alınaraq məbləğ 60 manat təşkil edəcək.

Göründüyü kimi, gəlirdən asılı olmayaraq minimum əmək haqqı üzrə standart məbləğlər əvəzinə qanunvericiliyə təklif olunan yeni dəyişiklik nəticəsində aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükünün aşağı düşməsi gözlənilir.

Qeyd edək ki, fəaliyyət göstərən mikro sahibkarlıq subyektinə aid olan fərdi sahibkarların 80 %-nin illik gəlirləri 60 000 manata qədər şəxslərdir.

Eyni zamanda, fərdi sahibkarın özünə görə ödədiyi sosial sığorta haqları heç bir halda vergi deyil və onun pensiya kapitalına yığılmaqla gələcəkdə həmin şəxsə pensiya ödənilməsi üçün istifadə edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti