TƏBİB şəkərli diabet xəstələrinə verilən dərmanların gecikməsinə aydınlıq gətirib
- 28 noyabr, 2025
- 12:08
TƏBİB şəkərli diabet xəstələrinə verilən dərmanların gecikməsinə aydınlıq gətirib.
"Report"un Şəmkirə ezam olunmuş əməkdaşının məlumatına görə, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında bildirib ki, hazırda modul tipli yeni layihə üzərində iş aparılır.
Onun sözlərinə görə, həmin layihə gələcəkdə dərman preparatlarının təminatı, pasiyent məlumatlarının idarə olunması və proseslərin elektronlaşdırılması istiqamətində daha səmərəli məlumatlandırma və koordinasiya imkanlarının yaradılmasını nəzərdə tutur.
TƏBİB rəsmisi qeyd edib ki, layihə çərçivəsində ölkə üzrə bütün şəkərli diabet xəstələri siyahıya alınır:
"Hazırda şəkərli diabet xəstələrinin mütəmadi müayinəsi, dispanser qeydiyyat məlumatlarının yenilənməsi və xəstələrin vəziyyətinə nəzarətin gücləndirilməsi prosesi aparılır. Əldə edilən nəticələr yeni şəkərli diabet xəstələrinin elektron registrinə (şəkərli diabet modulu) inteqrasiya olunur. Bu da xəstələrin tibbi məlumatlarının vahid elektron mühitdə izlənilməsini və idarə edilməsini təmin edəcək".
Z.Ədilova eyni zamanda xatırladıb ki, bir sıra xəstəliklər üzrə dövlət proqramları çərçivəsində tibbi xidmətlər həyata keçirilir və həmin proqramlardan biri də şəkərli diabet üzrə təminat mexanizmidir:
"Bu proqram çərçivəsində pasiyentlər həkim göstərişinə əsasən dərman preparatları ilə təmin olunurlar. Diabet xəstələrinin dərman təminatı hər ayın 1-dən 10-dək aparılır. Təchizatın məhz bu intervalda həyata keçirilməsi nəticəsində vətəndaşların eyni vaxtda müraciət etməsi səbəbindən müəyyən sıxlıq yaranır".