TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğızıstanda monitorinq keçirib
- 01 dekabr, 2025
- 10:11
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğızıstanda növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib.
"Report" xəbər verir ki, Qırğız Respublikasının Joqorku Keneşinin dəvəti ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Seçki Müşahidə Missiyası 30 noyabr 2025-ci il tarixində Qırğız Respublikasının Bişkek, Oş və Özgön şəhərlərində növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib.
Qazaxıstan Parlamenti Məclisinin üzvü Abzal Kuspanın rəhbərlik etdiyi missiyanın tərkibinə Milli Məclisin üzvü Cavanşir Feyziyev, Qazaxıstan Parlamenti Senatının üzvü Serik Şaydarov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri Osman Mesten və Mahmut Rıdvan Nazırlı, TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları və TBMM əməkdaşları daxil olub.
Oş və Özgön şəhərlərindəki Missiyanın tərkibinə isə TBMM üzvləri Mahmut Özer, Kadim Durmaz və Filiz Kılıç, həmçinin Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Mikayil Rəhimov, MSK Katibliyinin şöbə müdiri Fərid Abilov, TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları və Türkiyə parlamentinin əməkdaşları daxil olub.
Missiya bir neçə seçki məntəqəsini ziyarət edib və səsvermə prosesini seçki məntəqələrinin açılmasından başlayaraq səslərin sayılmasına qədər müşahidə edib. Missiya üzvləri seçicilər, seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə yerində söhbətlər aparıb, eləcə də müşahidə fəaliyyəti çərçivəsində kütləvi informasiya vasitələrinə müsahibələr veriblər.