ŞƏT Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platformadır - RƏY
- 02 sentyabr, 2025
- 15:12

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platformadır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Deputat vurğulayıb ki, ŞƏT-in Çində keçirilən növbəti sammiti həm əhatəliyinə, həm də qəbul etdiyi qərarlara görə mühüm əhəmiyyət kəsb edir:
"Sammitə 10 üzv ölkədən başqa, tərəfdaş 15 ölkənin dövlət və hökumət başçıları qatılmışdı. Son 30 ildə ilk dəfədir, bu sayda Asiya, Yaxın Şərq, Afrika ölkələri bir araya gəlirlər. Maraqlı məqamlardan biri odur ki, sammit ABŞ-nin bir çox üzv ölkələrə ciddi iqtisadi təzyiq göstərdiyi bir şəraitdə keçirilir. Yəni bu şəraitdə yeni iqtisadi imkanların tapılması xüsusi maraq kəsb edir".
Müsahib hesab edir ki, ŞƏT üzvlərinin iqtisadi gücü və imkanları kifayət qədər böyükdür:
"Belə ki, təşkilat iştirakçılarının məcmu ÜDM-i 26 trilyon dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 30 faizi deməkdir. Təşkilat üzvlərinin əhalisi 3,3 milyard nəfərdən ibarətdir ki, bu isə planetin əhalisinin 41 faizidir. Bundan başqa, təşkilat üzvləri dünya karbohidrogen ehtiyatlarının 41%-nə, elmi patentlərin 30%-nə və nadir elementlərin ixracının 45%-nə sahibdirlər".

T.Mirkişili sammitdə mühüm iqtisadi planların elan edilməsinə də diqqət çəkib:
"İlk dəfə olaraq ŞƏT İnkişaf Bankının yaradılması bəyənildi. Bu, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ struktur kimi formalaşacaq. Həmçinin "Böyük Avrasiya" iqtisadi layihəsinin başlanılması elan edildi. Layihə çərçivəsində infrastruktur, enerji və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu layihə 2035-ci ilə qədər 7-9 trilyon dollarlıq iqtisadi effekt yarada biləcək.
Digər bir mühüm məsələ isə ilk dəfə olaraq Avrasiya Reytinq Agentliyinin yaradılmasının bəyan edilməsi oldu. Agentlik "Moody"s, S&P и Fitch"dən fərqli metodologiya ilə ölkələrin və şirkətlərin kredit qabiliyyətinin qiymətləndirəcək. Yəni, göründüyü kimi, bu sahələrdə uzun illərdir dominant olan Qərb strukturlarına alternativ Şərq strukturları formalaşmaqdadır".
Deputat Azərbaycanın ŞƏT çərçivəsində fəaliyyətindən də söz açaraq vurğulayıb ki, təkcə keçən il Azərbaycanın ŞƏT-ə üzv ölkələrə ixracı 8,3 milyard dollar təşkil edib ki, bu, əvvəlki il ilə müqayisədə 27%-lik artım deməkdir:
"Çinlə ticarət həcmi 3,1 milyard dolları keçib. Eyni zamanda, Azəbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas həlqəsidir. Təkcə bu ilin 6 ayında bu marşrut ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 4,2 milyon tonu keçib. Regionda sülhün təmin olunması və Azərbaycan Prezidentinin təşəbbüslərinin həm Şərqdə, həm də Qərbdə dəstəklənməsi ölkəmiz üçün mühüm geoiqtisadi imkanlar yaradır".
İqtisadçı bəyan edib ki, Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avrasiyanın Şərqini əhatə edən ŞƏT ilə əməkdaşlığının güclənməsi ölkənin çoxvektorlu siyasətinə və milli maraqlarına uyğundur:
"Nəzərə alsaq ki, ŞƏT-in hazırkı 10 üzvündən üçü Türk Dövlətləri Təşkilatın üzvü, biri qardaş Pakistan, digərləri isə ölkəmizin sıx iqtisadi partnyorlarıdır, o zaman bu təşkilatı Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platforma hesab etmək olar".