İslamabadda Azərbaycanın Dövlət Suverenliyi Gününə həsr olunan seminar keçirilib

Xarici siyasət
  • 18 sentyabr, 2025
  • 16:46
İslamabadda Azərbaycanın Dövlət Suverenliyi Gününə həsr olunan seminar keçirilib

Pakistanın paytaxtı İslamabadda 20 Sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ilə əlaqədar "Suverenlik və Konstitusiya: Dövlətçiliyin möhkəmləndirilməsi" mövzusunda seminar təşkil olunub.

"Report"un xəbərinə görə, tədbir Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində (NUML) keçirilib.

Tədbirdə NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, KİV və QHT nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Seminarda çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə yanaşı, 20 Sentyabr – Dövlət Suverenliyi Gününün mahiyyəti ilə bağlı iştirakçılara məlumat verib. Həmçinin bildirib ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul olunub:

"Bu sənəd ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. Bu il qəbulunun 30 illiyini qürurla qeyd etdiyimiz Konstitusiyamızının preambulasında başlıca niyyətlərdən biri Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycanın suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir".

X.Fərhadov onu da qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış İkinci Qarabağ müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, ölkə Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazilərdə bərqərar olub: "Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü olaraq təsis edildi".

Daha sonra Pakistanın hüquq, ədliyyə, parlament işləri və insan haqları üzrə sabiq federal naziri Ahmer Bilal Sufi, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm, NUML-in xarici dillər fakültəsinin dekanı, professor Cəmil Əsgər Caminin və digər şəxslərin çıxışları dinlənilib.

Natiqlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa edən tarixi qələbələrindən, 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və abadlıq işlərindən, bu mənada keçmiş məcburi köçkünlərin həmin ərazilərə, öz ata-baba torpaqlarına "Böyük Qayıdış"ından, Azərbaycanın müasir dövlətçiliyinin təməlini təşkil edən Konstitusiya dəyərlərinin qorunması və bu istiqamətində atılan addımların əhəmiyyətindən, eləcə də yüksələn dinamika ilə inkişaf edən Azərbaycan-Pakistan əlaqələrindən bəhs edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti