Ceyhun Bayramov Qəbələdə Hakan Fidanla görüşüb - YENİLƏNİB

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 00:04
Ceyhun Bayramov Qəbələdə Hakan Fidanla görüşüb - YENİLƏNİB

6 oktyabr 2025-ci il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin ev sahibliyində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.

Siyasi-təhlükəsizlik, iqtisadi-ticarət, enerji-nəqliyyat-kommunikasiya ölçüləri üzrə tərəfdaşlıq gündəliyində duran əsas məsələlər müzakirə olunub.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq TDT Xarici İşlər Nazirləri Şurası çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin və hərtərəfli ittifaqının uğurla inkişaf etdiyini vurğulayıblar.

Görüşdə siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat sahələri üzrə müzakirələr aparılıb. TDT çərçivəsində həmrəylik və tərəfdaşlığın ən yüksək əhəmiyyət daşıdığı qeyd olunub.

Nazirlər həmçinin regional məsələləri və qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov da türkiyəli həmkarı ilə görüşünə dair paylaşım edib.

"Qardaşlıq ittifaqımız və strateji tərəfdaşlığımız bütün sahələrdə güclənməyə davam edir", - deyə qeyd edən C. Bayramov bildirib ki, Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsi və birlikdə firavan gələcək qurulması baxımından əhəmiyyət kəsb edir.

Son xəbərlər

Bütün Xəbər Lenti