Kobaxidze: Gürcü cəmiyyəti artıq nə Brüssel, nə Kreml, nə də Vaşinqtona kor-koranə inanır
- 06 oktyabr, 2025
- 23:24

Gürcü cəmiyyəti artıq nə Brüssel, nə Kreml, nə də Vaşinqtona kor-koranə inanır – onlar üçün əsas olan həqiqətdir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Gecə kuryeri" verilişində çıxışı zamanı deyib.
O bildirib ki, Gürcüstan cəmiyyəti artıq xarici diplomatik nümayəndələrin və ya beynəlxalq təşkilatların bəyanatlarına kor-koranə inanmaq mərhələsini keçib.
"Cəmiyyət artıq nə ABŞ səfirini, nə də Aİ səfirini kor-koranə izləyir. Bu bizim əsas nailiyyətlərimizdən biridir. İnsanlar artıq fərq qoymur - Aİ, Brüssel, Kreml və ya Vaşinqton olsun, onlar üçün əsas olan həqiqətdir", – hökumət başçısı "Rustavi 2" telekanalına müsahibəsində deyib.
Kobaxidzenin sözlərinə görə, əvvəlki illərdə Gürcüstanda inqilabi proseslər, əsasən, siyasi partiyalar və xarici xüsusi xidmət orqanlarının təsiri ilə idarə olunurdu, daha sonra isə bu rolu media və qeyri-hökumət təşkilatları üzərinə götürüb.
Baş nazir bildirib ki, bu gün Gürcüstanda ictimai şüur dəyişib və artıq heç bir xarici mərkəz ictimai fikrə əvvəlki kimi təsir göstərə bilmir:
"Əgər Aİ sözçüsü və ya ABŞ səfiri ölkə üçün yanlış olan bir şeyi dəstəkləyirsə, cəmiyyət bunu görür və qəbul etmir. 2023-2024-cü illərdə onların bəzi yalan bəyanatları ictimai qəzəb doğurmuşdu. Bu gün isə vəziyyət fərqlidir - cəmiyyət artıq düşünür, təhlil edir və həqiqəti özü müəyyənləşdirir. Bu, Gürcüstanın ən böyük nailiyyətlərindən biridir".