İrakli Kobaxidze: Yaxın illərdə siyasi sistemi köklü şəkildə yeniləməyi planlaşdırırıq

Region
  • 06 oktyabr, 2025
  • 23:59
İrakli Kobaxidze: Yaxın illərdə siyasi sistemi köklü şəkildə yeniləməyi planlaşdırırıq
İrakli Kobaxidze

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin siyasi sisteminin sağlamlaşdırılması üçün xarici təsir altındakı şəxslər və qurumlar siyasətdən uzaqlaşdırılmalıdır.

"Report"un yerli bürosu xəbər verir ki, Baş nazir bu fikirləri "Rustavi 2" telekanalına müsahibəsində deyib.

"Artıq oktyabrın 5-dən etibarən 2028-ci ildəki parlament seçkilərinə hazırlığa başlamışıq. Ümid edirik ki, Gürcüstan həmin seçkiləri canlanmış və təmizlənmiş siyasi spektrlə qarşılayacaq. Gürcüstan siyasətində heç bir xarici agent qalmamalıdır və bunun üçün bütün qanuni vasitələrdən, o cümlədən Konstitusiyadan istifadə edəcəyik", – deyə Kobaxidze vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, Gürcüstanda "xarici agent" kimi tanınan qüvvələr və onların törəmələri siyasi sistemin inkişafına mane olur:

"Hamı yaxşı bilir ki, kollektiv "Milli Hərəkat" və onunla əlaqəli bir neçə partiya xarici təsir altında fəaliyyət göstərir. Bu partiyalar və siyasi birliklərə qarşı hüquqi prosedurlar başlayıb və məsələ Konstitusiya Məhkəməsində də baxılacaq".

Baş nazirin sözlərinə görə, Gürcüstan hakimiyyəti yaxın illərdə siyasi sistemin köklü şəkildə yenilənməsini və milli maraqlara əsaslanan siyasi mühitin formalaşmasını hədəfləyir.

"Ölkəmizin siyasi sistemini sağlamlaşdırmaq lazımdır. Bunun üçün əsas vəzifə xarici agentləri və rezidentləri Gürcüstan siyasətindən uzaqlaşdırmaqdır," – İ. Kobaxidze bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti