Azərbaycanın sədrliyi ilə Nayrobidə UNEP Daimi Nümayəndələr Komitəsinin iclası keçirilir

Xarici siyasət
  • 01 dekabr, 2025
  • 18:31
Azərbaycanın sədrliyi ilə Nayrobidə UNEP Daimi Nümayəndələr Komitəsinin iclası keçirilir

Azərbaycanın sədrliyi ilə dekabrın 1-də Nayrobidə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin açıq iclası öz işinə başlayıb.

Bu barədə "Report"a Azərbaycanın Keniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, iki ildən bir keçirilən iclas gələn həftə baş tutacaq BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 7-ci sessiyasında qəbul olunacaq qərar və qətnamə layihələrinin müzakirəsi və razılaşdırılması üçün beş gün davam edəcək.

Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev cari ilin iyun ayında ilk dəfə UNEP-in Daimi Nümayəndələr Komitəsinin Bürosunun 2025-2027-ci illər üzrə sədri vəzifəsinə seçilib.

UNEP Daimi Nümayəndələr Komitəsi ətraf mühit məsələləri üzrə dünya əhəmiyyətli prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu UNEA daimi fəaliyyət göstərən orqanıdır. UNEA-nın 7-ci sessiyasında 5000 nəfərə yaxın nümayəndənin və 60-dan çox nazir səviyyəsində nümayəndə heyəti başçısının iştirakı gözlənilir. Azərbaycan bu sədrliyi çərçivəsində UNEA-nın 7-ci sessiyasının prezidenti Oman Sultanlığı ilə birlikdə əlaqədar proseslərə öz töhfəsini verir.

2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik inkişaf edir.

Azərbaycan, həmçinin, UNEP-in 2026-cı ildə keçiriləcək "Ümumdünya Ətraf Mühit Günü"nə (WED2026) Azərbaycan ev sahibliyi edəcəkdir. Eyni zamanda, 2026-cı il mayın 17-22-də ölkənin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında da (WUF13) iqlim dəyişmələri və dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı təsirləri əsas gündəm mövzulardan olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti