Zelenski və Makron Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib
- 01 dekabr, 2025
- 18:36
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla müharibənin tezliklə başa çatması və etibarlı təhlükəsizlik zəmanətlərinin formalaşdırılması üçün danışıqlar prosesini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında yazıb.
"Makronla bir neçə saat danışdıq. Bir çox detalları qiymətləndirmək mümkün oldu. Ən çox diqqət müharibənin başa çatması üçün danışıqlara, təhlükəsizlik zəmanətlərinə yönəldilib. Sülh həqiqətən etibarlı olmalıdır. Müharibə mümkün qədər tez bitməlidir", - məlumatda deyilir.
Daha sonra Zelenski bildirib ki, Makronla danışıqlara Böyük Britaniyanın Baş naziri Kir Starmer, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff qoşulublar. Tərəflər Floridada aparılan son danışıqların nəticələrini müzakirə ediblər.
"Elə indicə Emmanuel Makron, Kir Starmer, Rustem Umerov və Stiv Uitkoffla birlikdə Florida danışıqlarının nəticələrini müzakirə etdik. Bu, vacib brifinq idi. Təfərrüatları şəxsi görüşdə ətraflı müzakirə etməklə bağlı razılığa gəldik - komandalar mümkün gələcək təmaslar üçün qrafikləri razılaşdıracaqlar", - məlumatda bildirilir.