Azərbaycanın Mərakeşdəki səfiri bu ölkənin Milli Kitabxanasının direktoru ilə görüşüb
- 03 sentyabr, 2025
- 20:32

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovla Mərakeş Milli Kitabxanasının direktoru Samirə Əl Malizi arasında görüş keçirilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlığın artmaqda olduğu məmnuniyyətlə qeyd olunub, hər iki ölkədə keçirilən mədəni tədbirlərdə qarşılıqlı iştirakın təqdirəlayiq olduğuna və bunun daha da təşviq edilməsinin vacibliyinə xüsusi vurğu edilib.
Bu kontekstdə Mərakeş Milli Kitabxanasının direktoru S.Əl Malizinin Azərbaycan tərəfinin dəvətini qəbul edərək cari ilin 1-7 oktyabr tarixlərində Bakıda keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab sərgisində iştirak məqsədilə ölkəmizə səfərinə görə qarşı tərəfə təşəkkür bildirib. Bu səfərin iki ölkənin mədəniyyət müəssisələri arasında təmaslar və birgə əməkdaşlığa töhvə verəcəyinə ümid ifadə edilib.
S.Əl Malizi, öz növbəsində, Azərbaycana səfər edəcəyindən məmnun olduğunu, Mərakeş tərəfindən bu ölkənin zəngin mədəniyyətini əks etdirən kitabların və əlyazmaların Azərbaycan Milli Kitabxanasına təqdim ediləcəyini bildirib. O, həmçinin, növbəti Rabat Beynəlxalq Kitab Sərgisində Azərbaycandan nümayəndə heyətinin iştirakını gözlədiklərini əlavə edib. Mərakeş Milli Kitabxanasının rəhbəri həmçinin kitabxanada Azərbaycanla bağlı mövcud olan müxtəlif kitablardan ibarət kolleksiyanın sayının artırılması məqsədilə yeni kitabların Kitabxanaya hədiyyə edilməsini təşviq etməyə hazır olduqlarını da ifadə edib.