Şahin Məlikov: "Regionlarda turizm sahəsinin inkişafı üçün xidmət keyfiyyəti artırılmalıdır"

Turizm
  • 03 dekabr, 2025
  • 14:45
Şahin Məlikov: Regionlarda turizm sahəsinin inkişafı üçün xidmət keyfiyyəti artırılmalıdır

Azərbaycanın regionlarında turizm sahəsinin inkişafı üçün xidmət keyfiyyəti artırılmalıdır.

Bunu "Report"un Şəkiyə ezam olunmuş müxbirinə açıqlamasında Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov bildirib.

Onun sözlərinə görə, bu gün regionlara turistlər gəlirlər: "Həmin turistlərə yaxşı xidmət göstərmək üçün ilk növbədə turizm sahəsi ilə məşğul olan müəssisələri təlimlərə cəlb eləməliyik. Bundan başqa, dövlət qurumları ilə turizmlə məşğul olan müəssisələr arasında görüşlər təşkil edilir. Bunlar şəbəkələşmə görüşləridir. Bu sahə ilə məşğul olan şəxslərin məlumatlılığının artırılmasına ehtiyac var".

O əlavə edib ki, hazırda Şəki və Qaxda turistik kənd layihəsi həyata keçirilir: "Bu istiqamətdə müəyyən işlər aparılır. Maliyyə vəsaiti ayrılarsa, İlisu və Sarıbaş turistik kəndləri ilə bağlı müəyyən işlər görüləcək. Hazırda həmin turistik kəndlərdə Dövlət Məşğulluq Agentliyi ilə birgə şəkildə aqroturizm zərfi üzrə əşya dəstəyi göstərilən xidmətimiz var".

Ş. Məlikov bildirib ki, birgə layihə çərçivəsində Sarıbaşda 4, İlisuda 8 ailə qonaqların qarşılanması üçün müxtəlif əşyalarla təmin olunur: "İcma əsaslı turizm qonaq evləri bizim regiona xas olan xüsusiyyətdir. Sarıbaşa və ya İlisuya gələn qonaqlara hotellərə getmək o qədər maraqlı olmur. Çünki təbiət var, qonaqlara qədim ənənələr, odun sobasında bişən yeməklər daha maraqlıdır. Buna görə də icma əsaslı turizm obyektlərinə əşya dəstəyi göstəririk. Onları təlimlərə cəlb edirik, görüşlər keçiririk. Hazırda turistlər üçün icma əsaslı turizm obyektləri daha maraqlıdır. Çünki, məsələn, Bakıdan gələn qonaq üçün təbiət qoynunda, icma ilə bərabər istirahət etmək daha cəlbedicidir".

Son xəbərlər

Bütün Xəbər Lenti