Cari ildə Herontoloji Mərkəzə müraciət edənlərin 64 faizi təqaüdçüdür
- 03 dekabr, 2025
- 15:24
Bu ilin dekabr ayının 2-nə qədər Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinə ümumilikdə 2546 nəfər müraciət edib, onlardan 1644 nəfəri təqaüdçülərdir.
"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, müəssisə təsis edilənə qədər də müraciətlərin əsas hissəsini təqaüdçülər təşkil edib:
"Bu, hazırda da belədir. 2020-ci il üçün müraciət sayı ümumi olaraq 1294 nəfər olub. Onlardan 789-u, yəni müraciət edənlərin 61%-i təqaüdçü olub. 2025-ci ilin dekabr ayının 2-nə qədər olan ümumi müraciət sayı 2546 olub. Onlardan 1644 nəfəri təqaüdçüdür. Bu da ümumi müraciət sayının 64,6%-ni təşkil edir".
N.Əhmədova bildirib ki, statistik məlumatlardan da göründüyü kimi, ümumi sayın artımı ilə bərabər, təqaüdçülərin də müraciətləri çoxalıb:
"Dünyada və Azərbaycanda yaşlı əhlinin statistik gözəçarpan artımını da nəzərə alsaq, bu həssas təbəqənin ixtisaslaşmış tibbi yardım almaq üçün müraciətlərinin müvafiq olaraq artması gözlənilir".
Qeyd edək ki, Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi herontologiya sahəsində uzun illərin təcrübəsini nəzərə alaraq 2020-ci ildə "Sağlamlıq sahəsi" poliklinikasının əsasında yaranıb və Qocalar evindən fəaliyyəti ilə fərqlənir. Belə ki, Mərkəz əsasən yaşlı insanlara daha ixtisaslaşmış və keyfiyyətli tibbi yardım göstərmək məqsədilə yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi isə ahıl şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün yaradılıb.