London-İrəvan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiləcək

Region
  • 26 avqust, 2025
  • 17:12
London-İrəvan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiləcək

Bu gün İrəvanda Ermənistan və Böyük Britaniya arasında Strateji Dialoqun ikinci raundu keçirilib.

Bu barədə “Report” Ermənistan Xarici İşlər Nazirliyinin müavini Vaan Kostanyanın “X” hesabındakı paylaşımına istinadən məlumat verir.

Məlumata görə, dialoqda Britaniya nümayəndə heyətini Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət katibi Stiven Dauti təmsil edib.

"Tərəflər əldə edilmiş tərəqqini qiymətləndirib və Ermənistanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi üçün yüksək səviyyəli müntəzəm əlaqələrin vacibliyini təsdiqləyiblər", - nazir müavini qeyd edib.

Böyük Britaniya və Ermənistan arasında Strateji Dialoqun birinci iclası 2023-cü ildə Londonda keçirilib.

Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, İrəvan və London münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək və müdafiə sahəsində qarşılıqlı əlaqələri genişləndirmək niyyətindədir: "Tərəflər münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bağlı razılığa gəliblər. Tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcəkdə yüksək səviyyəli təmasları, müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsini, həmçinin kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahəsində daha sıx qarşılıqlı əlaqəni müzakirə ediblər".

Qeyd edək ki, Dauti bir gün əvvəl Azərbaycanda səfərdə olub.