Papuaşvili: Gürcüstanla bağlı onun iştirakı olmadan heç bir müzakirə aparıla bilməz
- 02 sentyabr, 2025
- 03:29

Gürcüstanla bağlı onun iştirakı olmadan heç bir müzakirə aparıla bilməz.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.
"Əgər kiminsə Gürcüstan məsələsini müzakirə etmək istəyi varsa, bizə də söz verməli, iştirakımıza imkan yaratmalı və mövqeyimizi dinləməlidir. Gürcüstan nə kiminsə şagirdidir, nə də kimsə bizə mentorluq edə bilər", – Papuaşvili "Rustavi 2"yə müsahibəsində bildirib.
O, Avropa İttifaqındakı bəzi dairələri tənqid edərək qeyd edib ki, bəzi postsovet ölkələri Gürcüstana demokratiya, qanunun aliliyi və korrupsiya ilə mübarizə mövzusunda dərs keçməyə çalışır:
"Bizim göstəricilərimizə nəzər salsaq, bu sahələrdə bir çox Aİ ölkələrini qabaqlayırıq. Amma həmin ölkələr bizə hələ də "ağıl öyrətməyə"" çalışır. Gürcü xalqı isə öz tarixi təcrübəsinə görə belə yanaşmanı mənfi qarşılayır. Gürcüstanın mövqeyi açıqdır – biz bərabərhüquqlu əməkdaşlıq istəyirik".