BMT Əfqanıstanda zəlzələdən zərər çəkənlər üçün 5 milyon dollar ayırıb

Digər ölkələr
  • 02 sentyabr, 2025
  • 04:00
BMT Əfqanıstanda zəlzələdən zərər çəkənlər üçün 5 milyon dollar ayırıb

BMT Əfqanıstanda baş vermiş zəlzələdən zərər çəkənlərə yardım üçün Mərkəzi Fövqəladə Hallara Dəstək Fondundan (CERF) 5 milyon dollar ayırıb.

"Report" xəbər verir ki, bu barədə dünya təşkilatının bəyanatında deyilir.

"BMT-nin Baş katibi Əfqanıstan xalqı ilə həmrəy olduğunu ifadə edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin tezliklə sağalmasını arzulayır", - sənəddə bildirilir.

BMT qeyd edib ki, humanitar ehtiyaclar üçün cari maliyyə kifayət deyil və Baş katib "bu faciəyə tez reaksiya vermək üçün əlavə resurslara çağırır".

Qeyd edək ki, Əfqanıstanın Hindukuş dağlarında zəlzələ avqustun 31-də baş verib. 6,2 maqnitudada zəlzələnin episentri Əsədabad şəhərindən 27 kilometr cənub-qərbdə yerləşib. Son məlumatlara görə, 800-dən çox insan həlak olub, 2,8 minə yaxın insan yaralanıb.