Danimarka Aİ ölkələrinə Rusiyanın qaz asılılığından azad olmaq üçün idxal sənədi tələb edir
- 02 sentyabr, 2025
- 00:17

Avropa İttifaqına (Aİ) sədrlik edən Danimarka Rusiyanın qurumun enerji tədarükündə iştirakını istisna etmək üçün qaz idxalçılarına öz mənşəyini təsdiqləmə tələbinin tətbiqini təklif edib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi sənədə istinadən məlumat yayıb.
"Rusiya və ya Belarusla sərhədlərdən və ya keçid məntəqələrindən, habelə "Türk axını" qaz kəməri ilə daxil olan təbii qazın, əksini təsdiq edən aydın sübutlar təqdim edilmədiyi təqdirdə, birbaşa və ya dolayı yolla Rusiyadan ixrac edildiyi güman edilir", - sənəddə deyilir.
Qeyd olunur ki, bu təşəbbüs vasitəsilə Aİ 2027-ci ilin sonuna qədər Rusiya mənşəli qazın bazara daxil olmasını istisna etmək niyyətindədir.
Bundan əvvəl Avropa Komissiyası Rusiya qazından imtina ilə bağlı təşəbbüslər dərc etmişdi. "Yol xəritəsi"ndə 2025-ci ilin sonuna qədər Rusiya qazının idxalı üzrə yeni sövdələşmələrə və spot müqavilələrə qadağa qoymaq niyyəti qeyd olunur. AK, həmçinin 2027-ci ilin sonuna qədər Rusiyadan boru kəməri qazı və LNG alınmasını qadağan etmək istəyir. Təkliflər Aİ Şurasına üzv dövlətlər tərəfindən təsdiqlənməlidir.