Birlik sədri: Almaniyada Qərbi Azərbaycanla bağlı sərgi haqqında Ermənistan mediasındakı fikirlər əsassızdır

Mədəniyyət siyasəti
  • 13 oktyabr, 2025
  • 13:52
Birlik sədri: Almaniyada Qərbi Azərbaycanla bağlı sərgi haqqında Ermənistan mediasındakı fikirlər əsassızdır

"Qərbi Azərbaycanın sənətkarlığı" layihəsi çərçivəsində Almaniyanın Nürnberq şəhərində keçirilmiş tətbiqi sənət nümunələrinin sərgisi Ermənistanda narahatlıq doğurub.

Bu barədə "Report"a layihəni həyata keçirən "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri Lalə Sərdarlı bildirib.

Birlik sədri qeyd edib ki, sərgidə İrəvan xanlığı dövrünə aid, xüsusən də tarixi memarlıq abidəsi sayılan Sərdar Xan Sarayına, eləcə də azərbaycanlı rəssam Mirzə Qədim İrəvaninin yaradıcılığındakı xarakterik elementləri tərənnüm edən dekorativ tətbiqi sənət nümunələrə həsr olunub.

Onun sözlərinə görə, sərgidən sonra Ermənistan mediasında əsassız fikirlər yer alıb. Özünü "Qarabağın mədəni irsini araşdıran akademik platforma" kimi təqdim edən erməni internet resursu və Ermənistan mediası isə bunu "regionun tarixi yaddaşını yenidən yazmaq" və erməni mədəni irsinin mənimsəmək cəhdləri kimi qiymətləndirib.

"Ermənistan mətbuatında Qərbi Azərbaycan ifadəsinin yaratdığı narahatlıq başadüşüləndir. Çünki bu gün həm Qərbi Azərbaycan İcması, həm də digər vətəndaş cəmiyyəti institutlarımız müxtəlif platformalarda tarixi həqiqətləri dünyaya çatdırmaq istiqamətində çox mühüm işlər görürlər. Biz də vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Azərbaycanın çox zəngin mədəni irsini və onu formalaşdıran mühitin tarixini təbliğ etmək missiyasının təbliği ilə məşğuluq", - L.Sərdarlı qeyd edib.

O, Ermənistan mətbuatında səsləndirilən fikirləri absurd adlandırıb:

"Axı dünyada elə bir sənətşünas və ya tarixçi yoxdur ki, Sərdar Xan Sarayının tarixini, eləcə də bütöv xanlığın ərazisində azərbaycanlıların zamanında qurub-yaratdıqları digər tarixi memarlıq abidələrinin, mədəniyyət nümunələrinin, Mirzə Qədim yaradıcılığının mövcud olduğunu inkar edə bilsin. Bunu heç Ermənistanın bir sıra alimləri, tədqiqatçıları da inkar etmir".

Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti