Merts: Almaniya kosmik təhlükəsizlik arxitekturasına 35 milyard avro investisiya qoyacaq
- 04 dekabr, 2025
- 00:09
Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, hökumət bir neçə il ərzində kosmik təhlükəsizlik arxitekturasının yaradılmasına 35 milyard avro investisiya qoyacaq.
"Report"un məlumatına görə, Merts bunu "Berlin Space Technologies" şirkətinə səfəri zamanı keçirilən mətbuat konfransında bildirib.
"Növbəti bir neçə il ərzində Almaniya hökuməti ümumilikdə 35 milyard avro məbləğində vəsaiti kosmik təhlükəsizlik arxitekturasının yaradılmasına yatıracaq. Burada söhbət yalnız müdafiədən deyil, həm də innovasiyalardan və bu texnologiyalardakı təcrübəmizdən gedir", – deyə Merts vurğulayıb.
O həmçinin ölkədə Elmi Tədqiqatlar, Texnologiyalar və Kosmos Nazirliyinin fəaliyyət göstərdiyini qeyd edib:
"Bizim belə bir nazirliyimiz var və biz sənaye sahələri, sektorlar və ayrı-ayrı şirkətlərlə əlaqələr qurmuşuq. Bundan əlavə, dövlət vəsaitlərindən istifadə etməklə kosmik uçuşların gələcək texnologiyalarına da investisiya qoyacağıq", – deyə Almaniya Kansleri bildirib.
Merts noyabrın sonunda Bremen şəhərində keçirilmiş Avropa Kosmik Agentliyinin Nazirlər Şurasının konfransını da xatırladıb:
"Hazırda növbəti mərhələ üçün layihələrə 5 milyard avrodan çox vəsait ayrılıb və bu bizim sözügedən proqramı son dərəcə ciddi qəbul etdiyimizi, təhlükəsizlik və müdafiə sahəsində imkanlarımızı bu miqyasda nəzərdən keçirdiyimizi göstərir", – deyə kansler yekunlaşdırıb.